Abutalıbov əsəbiləşdi, 200 protokolu ləğv etdirdi – Video

Paylaşmaq gözəldir...

Şəxsi maşınlarıyla yük daşıyan sürücülərin cərimələnməsi ilə bağlı narazılıqları Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsən nəzarətə götürüb.

Axar.az xəbər verir ki, H.Abutalıbov sürücülərlə görüşərək, problemin həll edilməsi istiqamətində addımlar atıb. O, sürücülərlə görüşdə aidiyyəti qurum rəhbəri ilə telefon əlaqəsi yaradaraq, cərimələrin dərhal dayandırılmasını tələb edib.

“Mən sizə deyirəm, dayandırın yığılan pulları! Dayandırın! Ümumi qərar qəbul edək, ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra pullar yığılsın”.

H.Abutalıbov hətta danışdığı məsul şəxsə cərimələri özünün ödəməyə hazır olduğunu da bildirib:

“Nə qədər edir, mən verirəm. Amma camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur, sonra…

Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu, ayrı-seçkilikdir. Bunlara oktyabrın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb?!”

Baş nazir müavininin telefon danışığı zamanı qurum rəhbərinə dediyi “ağ çörək yeyib, qara çörək yeyənləri düşünmürsüz” sözləri isə sürücülərin alqışına səbəb olub.

H.Abutalıbovun bu çıxışı sosial şəbəkə istifadəçiləri və digər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Abutalıbov həmçinin bildirib ki, Daxili İşlər naziri Ramil Usubovla bu məsələni müzakirə edəcək və sürücülərə güzəşt alacaq.

***

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən BDYPİ-nin Yol Patrul Xidməti (YPX) şöbəsinin rəisi Kamran Əliyev günün pik saatlarında paytaxta daxil olduqları üçün oktyabrın 26-dan bu vaxta qədər cərimələnən sürücülərə tətbiq edilən təxminən 200-ə yaxın protokolun ləğv ediləcəyini açıqlayıb:

“Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, bu məsələyə güzəştlər tətbiq ediləcək. Amma bu, son güzəşt olacaq. Çünki yol polisi bu tip qayda pozuntularına qarşı mübarizəni gücləndirir. Bu gündən heç bir sürücüyə güzəşt olunmayacaq. Çünki paytaxtın həm şimal, həm də cənub girişində bir neçə ərazidə yük avtomobillərinin giriş saatını bildirən nişanlar qoyulub. Üstəlik, bu cür qayda pozuntularına texniki vasitələrlə də nəzarət gücləndirilib”.

***

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hacıbala Abutalıbov sürücülərin problemini həll etdiyini bildirib:

“Sabah onlarla yenidən görüş keçirəcəm. Aksiya keçirən sürücülərin qaldırdıqları bütün məsələlər müsbət həllini tapdı. Problemlərinin aradan qaldırılmsı üçün onlar məndən üç xahiş etdilər.

I. Cərimələr ləğv edilsin;

II. Günün istənilən saatında sürücülərə paytaxtın Ziya Bünyadov prospektində hərəkətlərinə imkan yaradılsın;

III. Günün istənilən saatında Heydər Əliyev prospekti ilə Bakıxanov qəsəbəsinə, Sabunçuya, Suraxanıya getməyə icazə verilsin”:

H.Abutalıbov əlavə edib ki, sürücülərin qaldırdıqları hər üç problemlə bağlı Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovla müzakirə etdik:

“Cənab Usubov cərimələrin ləğv edilməsi ilə bağlı göstəriş verdi. Bundan başqa sürücülər dedilər ki, Ziya Bünyadov prospektinə buraxmırlar. Mən bu məsələni də həll etdim. Bundan sonra sürücülər günün istənilən saatında Böyük Şor gölü ətrafındakı yolla hərəkət edib, “Elit” ticarət mərkəzinin yanına, ordan da Ziya Bünyadov prospekti ilə gələrək, taxta bazarına girə biləcəklər.

Onlar alverlərini edəndən sonra, sadaladığım istiqamətdə də geriyə qayıda biləcəklər. Həmçinin, onların növbəti tələbləri Heydər Əliyev prospekti ilə Bakixanov qəsəbəsinə, Sabunçuya, Suraxanıya getmələrinə icazənin verilməsi idi. Ona da icazə aldım”.

H.Abutalıbov sonda qeyd edib ki, bütün bu məsələləri Ramil Usubovla müzakirə edib və birlikdə qərar qəbul ediblər.

18 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar