Məqsədlərinə çata bilməyən Paşinyandan “ört-basdır” taktikası – Özü qorxur, amma qorxudur

Paylaşmaq gözəldir...

“Sentyabrın 7-də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçidir və hələ də ciddi siyasətçi olmaqdan uzaqdır”.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistanın hökumət başçısı Rusiyaya səfəri zamanı qarşısına qodyuğu məqsədlərinə nail ola bilməyib: “Paşinyanın Rusiyaya səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bu ölkənin dəstəyinə nail olmaq, eyni zamanda, Ermənistan iqtisadiyyatının mümkün dirçəliş yollarını Rusiya prezidenti ilə müzakirə etmək idi. Digər tərəfdən, Azərbaycanın KTMT-yə mümkün üzvlük məsələsinin Ermənistanı narahat etməsi də Paşinyanın Rusiya səfəri zamanı müzakirə etmək istədiyi məsələlər sırasında yer alırdı. Başqa bir məqsəd Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının mümkün uzunmüddətli istismarı yollarının Rusiya ilə müzakirə edilməsi və bu məsələdə Rusiyadan təminat alması ilə bağlı idi. Amma görüşdən sonra səsləndirilən fikirlər onu göstərdi ki, N.Paşinyan məqsədlərinin heç birinə çata bilməyib. Xüsusilə də, özü üçün daha əhəmiyyətli olan, yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın dəstəyini qazanmaq məqsədinə çatmayıb. Paşinyan bütün bu uğursuzluqları ört-basdır etmək üçün yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini siyasi manipulyasiya predmetinə çevirərək daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verdi”.

Millət vəkilinin qənaətincə, Paşinyan bu açıqlamalarında da qeyri-ciddi idi, çünki Paşinyan Baş nazirdən daha çox adi vətəndaş kimi danışıb: “O, qeyd edib ki, “mənim təsəvvürümə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır”. Əlbəttə, bu cür fikirlər Baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki xüsusilə də başqa bir ölkədə səfərdə olan hökumət başçısı bəyanatlarını dövlət adından verməlidir. Göründüyü kimi, Paşinyan burada öz adından çıxış etməklə bir daha siyasi diletant olduğunu nümayiş etdirdi. Paşinyan Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə gətirmək onun Ermənistanın rəsmi siyasətinin keçmişindən xəbərdar olmamasının və gələcək siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir”.

 H.Babaoğlu hesab edir ki, Ermənistan hökumətinin yeni rəhbəri qeyri-müəyyənlik içərisindədir və nə etdiyini bilmir: “Ermənistanın Baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəlincə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edir və işğal edilmiş ərazilərini hərbi yolla azad etmək iqtidarında olduğunu da sübuta yetirib. Ona görə də Paşinyanın öz bəyanatlarında bu problemin həlli istiqamətində güc tətbiqetmənin doğru yol olmadığını, məsələnin sülh yolu ilə həllinin vacibliyini, Ermənistanın kompromisə hazır olduğunu, bununla bərabər Azərbaycanın da kompromisə hazır olmasının zəruriliyini qeyd etməsi onun 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun təxribatçı hərəkətlərinin qarşısını layiqincə alan Azərbaycanın hərbi qüdrətindən ehtiyat etməsinin göstəricidir. Bütün bunlar onu göstərir ki, Ermənistanın Baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir, Rusiya səfəri də onun siyasi karyerasına nəticəsiz və uğursuz səfər kimi yazıldı”.

Qeyd edək ki, Ermənistanın baş naziri nikol Paşinyan sentyabrın 7-də Rusiyaya səfəri zamanı “Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır” və “Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” kimi bəyanatlar verib, Moskvaya yola düşməzdən əvvəl isə Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu və bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.

11 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar