Azərbaycanda qeyri-adi məkanlardan biri – Gümüş camın içində sərkərdə başı – FOTO

Paylaşmaq gözəldir...

2017-ci ilin may ayında Gəgəli yaylağı ərazisində son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. 600 kv.m-lik sahəsində 30 daş qutu qəbir üzə çıxıb, onlardan 18-i açılaraq tədqiq olunub. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 sm dərinlikdə 30-a qədər daş qutu qəbirlər, qala divarları və yeraltı anbarlar aşkar edilib.

Milli.Az xəbər verir ki, arxeoloji qazıntılar zamanı tapılan nümunələr əsasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dəmirçi Arxeologiya Muzeyi inşa edilib.

Kvadrat formada olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşla qapanıb. Qəbirlərdə skeletlər sarınmış vəziyyətdə, sol böyrü üstə, başı, əsasən, şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə Alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içində saxsı, çini məmulatları sayca üstünlük təşkil edir.

Daş qutu qəbirlərdə metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Həmin camların içərisində skeletin başı altında parça qalıqları aşkarlanıb. Bu Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir. Bir qəbrin skeletinin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və ya toplum içərisində nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.

Bəzi əlamətlərinə görə abidənin eramızın III- IV əsrlərinə aid olduğu ehtimal edilən bu tip abidələr xalqların böyük köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə də geniş yayılıb.

Qeyd etmək lazımdır ki, ilk təşəbbüs kimi muzey uğurludur. Ümid edirik  ki, muzey gələcəkdə yeni arxeoloji tapıntılarla zənginləşəcək və tanınacaqdır.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeyin açılışında iştirak ediblər.

Afaq Rza
Milli.Az 

11 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar