Solo konsertə hazırlaşan 20 yaşlı müğənni: “Əlamətdar hadisə ərəfəsində…”

Paylaşmaq gözəldir...

Azərbaycan “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında solo konsertə hazırlaşıram. Layihə “Muğamat var olan yerdə” adlanır.

Bu sözləri Teleqraf.com-a Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 2015-ci il Televiziya Muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva deyib.

Nisbət Sədrayeva bildirib ki, bu layihə hər il keçirilir: “Solo konsertin vaxtı mövsümün açılışı ilə əlaqədar sentyabra, daha doğrusu, sentyabrın 16-na təyin olunub. Mövsümün açılışını etmək mənim qismətimə düşüb. İnanıram ki, uğurlu başlanğıc olacaq”.

Muğam müsabiqəsi qalibinin sözlərinə görə, konsert əlamətdar hadisə ərəfəsinə təsadüf edir: “Məlum olduğu kimi, hər il sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı Milli musiqi bayramı kimi qeyd olunur. Bu dəfə Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməmişəm. Ancaq gələcəkdə bu istiqamətdə layihələrimiz olacaq”.

Nisbət Sədrayeva hazırda ciddi məşqlər getdiyini söyləyib: “Konsertin repertuarına muğamlar, təsniflər, bəstəkar mahnıları, hətta aşıq musiqiləri daxildir. Məni 7 nəfərdən ibarət ansambl müşayiət edəcək. Bu, solo konsert olduğu üçün başqa ifalara və ya duetə yer verməmişəm. Çox ciddi hazırlaşdığım konsert, inanıram ki, tamaşaçıların ürəyindəcə olacaq”.

Müğənni tamaşaçıların konsertə bileti şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, eləcə də www.iticket.az saytından elektron üsulla əldə edə biləcəklərini deyib.

Nisbət Sədrayeva 1998-ci ildə Şamaxı rayonunun Göylər kəndində doğulub. 2015-ci il 5-ci Televiziya Muğam Müsabiqəsinin qalibi olub.

Azərbaycan Dövlət Televiziyası və Radiosunun solistidir.

23 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar