Azərbaycan ilan zəhəri sata bilər – Artıq türk şirkəti ilə danışıqlara başlanılıb

Paylaşmaq gözəldir...

Sovet dövründən sonra – müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, ilan zəhərinin ixrac edilməsi üçün danışıqlara başlanılıb.

Ordan-burdan.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, hazırda Türkiyənin “Marmara trade” şikəti ilə Azərbaycanda sovet dövründən miras qalan gürzə ilanının zəhərinin ixracı üçün danışıqlar aparılır:

“Hazırda yazışma mərhələsindəyik. Onlar sovet dövründən qalan zəhərin bir hissəsinin alınması üçün müraciət ediblər. Həmin zəhərin bir hissəsi onlar tərəfindən beynəlxalq laboratoriyada analizdən keçiriləcək və onun zəhərinin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat aldıqdan sonra danışıqların ikinci mərhələsinə başlanılacaq”.

E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb.

Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, “Marmara trade” şikəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir.

E.Yusifov hazırda dünya bazarında 1 qram ilan zəhərinin qiymətinin 100 dollardan 500 dollara qədər dəyişdiyini söyləyib:

“Nəzərə almaq lazımdır ki, Azərbaycandakı zəhər yeni istehsal deyil. Sovet dövründən qalan zəhər optimal şəraitdə, vakuum ampulalarda saxlanılsa da, onların tərkibində toksinlik və digər göstəricilər dəyişə bilər. Bu isə zəhərin alış qiymətinə müəyyən dərəcədə təsir edə bilər”.

E.Yusifov əlavə edib ki, əgər türk şirkəti ilə aparılan danışıqlar nəticəsində ixrac baş tutarsa, Zoologiya İnstitutu AMEA-nın Biologiya Tibb Elmləri Bölməsi və Rəyasət Heyəti qarşısında Azərbaycanda ilan zəhərinin sənaye məqsədi ilə istehsalının bərpası məsələsini qaldıracaq.

Sovet dövründə Azərbaycanda ilan zəhərinin istehsal edildiyini və ən güclü istehsal mərkəzinin ölkəmizdə yerləşdiyini xatırladan E.Yusifov bildirib ki, həmin dövrlərdə hər il 5-10 kq ilan zəhəri istehsal edilərək xaricə satılıb:

“Ancaq sonradan – SSRİ dağıldıqdan sonra əlaqələr kəsildi. Çünki Azərbaycanın alıcıları artıq İran, Əfqanıstan və digər ölkələrlə müqavilələr bağlamışdılar”.

Direktorun sözlərinə görə, Cənubi Qafqazda zəhərli gürzə ilan növünün ən geniş yayılma arealı Azərbaycanda, çox az bir hissəsi isə Ermənistan və Gürcüstandadır.

15 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar