Avtovağzalda bir çox xidmətlər təkmilləşdiriləcək – Bileti necə almaq olar?

Paylaşmaq gözəldir...

Uzun müddətdir sərnişindaşıma sahəsində yeniliklər gözləyən sərnişinlərə xidmət səviyyəsi artırılır. Bir sıra yeniliklər nəzərdə tutulur ki, burada da, ilk növbədə, yeni avtobusların xəttə buraxılması, biletlərin online satışı, avtovağzallarda yeni və daha keyfiyyətli xidmət məsələsini qeyd etmək olar. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) geniş planları var.

ordan-burdan.com xəbər verir ki, avtosfer.az-ın suallarını cavablandıran Xidmətin rəis müavini İbrahim Əliyevlə müsahibəni təqdim edirik:

– İbrahim müəllim, yeni və keyfiyyətli avtobusların xəttə buraxılması, xidmət səviyyəsinin artırılması ilə bağlı hansı planlar var? Nə zaman reallaşacaq? 

– Məlumat üçün bildirim ki, hazırda ictimai nəqliyyatda istifadə olunan avtomobil parkı yaşı 10 ildən artıq olan avtobuslardan ibarətdir. Sözsüz ki, bu da yol hərəkəti təhlükəsizliyi məsələlərində öz təsirini göstərir. Biz bununla bağlı daşıyıcılar qarşısında məsələ qaldıranda, qiymətlərin aşağı olması müəyyən problemlər yaradırdı. Artıq bundan sonra biz müəyyən tələblər qoymuşuq. Nəqliyyat vasitələrinin yenilənməsi, keyfiyyətin artırılması kimi tələblər daha çox şəhərlərarası nəqliyyat vasitələri üçün vacibdir. Çünki, müəyyən böyük məsafələr var və təhlükəsizlik üçün bu çox vacibdir. Odur ki, avtovağzallar ilə müvafiq işlər aparılır. Ümid edirik ki, gələn ilə qədər biz müsbət dəyişikliklərin şahidi olacağıq.

– Təbii ki, ictimai nəqliyyatdan vətəndaşlarla yanaşı ölkəmizə gələn turistlər də istifadə edir. Təxmini də olsa bir statistika varmı ki, nə qədər turist ictimai nəqliyyatdan istifadə edir və ümumiyyətlə münasibətləri necədir? 

– Biz bununla bağlı müəyyən məktublar, müraciətlər alırıq. Təbii ki, xidmət keyfiyyətindən çox da razılıq etmirlər. Bu baxımdan da islahatlara başlamışıq. Xüsusilə qarşımızda duran ən prioritet məsələ “Vahid bilet sistemi”nin tətbiqidir ki, turist öncədən bütün səfərini planlaşdıra bilsin.

– Yəqin ki, bunun üçün avtovağzallarda xarici dil bilən bələdçiləri də olmalıdır. Bunun üçün hansı işlər görürsünüz? 

– Sürücülərdən daha çox bələdçilərin dil bilgisinin olması vacibdir. Odur ki, həm bələdçilərə, həm də sürücülərə dil bilgilərini artırmaq tələbi qoyulub. Amma daha çox bələdçilərin üzərində çalışırıq. Ümumiyyətlə, avtovağzalda bir çox xidmətlərin təkmilləşdirilməsi üzrə işlər aparılır. Bu yaxınlarda kassaların yerində dəyişiklik edib insanlara daha rahat, əlçatan etdik ki, rahat bilet alıb vaxtında təyinat nöqtəsinə gedə bilsinlər.

– Avtovağzalda sıxlıq daha çox bayram günlərində olur. Bu günlərdə ikinci, üçüncü əl vasitəsilə bilet satan dəllallar yığışdırılacaqmı?

– Yeni tariflərdən sonra sistem dəyişib. Bilet satışları istər onlayn, istərsə də kassalarda həyata keçirilir. Əsas odur ki, vətəndaşlar rahat şəkildə bilet əldə edib istədikləri yerə gedə bilsinlər. Avtovağzallara Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) əməkdaşları cəlb olunaraq müşahidə qrupları şəklində nəzarəti həyata keçirirlər. Məhz səsləndirdiyiniz problem ortaya çıxarsa, anında müdaxilə edilərək problemin qarşısı alına bilir.

– Dövlət Avtomobil Nəqliyyat Xidmətinin qaynar xətti varmı? Vətəndaşlar sizə necə müraciət edə bilər? 

– Bəli, qaynar xətt var. Sentyabr ayından yeni internet sayt və qısa nömrə də istifadəyə veriləcək. Hələlik isə şəhər nömrələrindən 012 566 52 58 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür. Bu xətt iş günləri saat 9-dan 18:00-ə qədər işləyir.

– Yeni tariflərə də toxunaq. Şəhərlərarası və rayon avtobuslarının qiyməti necə tənzimlənir? 

– Əvvəla bir məsələyə aydınlıq gətirmək istərdim. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) qiymətləri tənzimləmir – yeni tariflərə riayət olunmasını təmin edir. Yeni tarifləri həm Bakı, həm də rayon avtovağzallarında xüsusi tabloda yerləşdiririk  ki, insanlar rahat şəkildə istifadə edə bilsinlər. Hər hansı əlavə qiymət artımı olsa bizə bu barədə mütləq məlumat verilsin. Həm sosial şəbəkələr, həm də office@danx.gov.az e-mail ünvanı və qaynar xətt vasitəsilə bildirsinlər.

– Yükdaşıma mövzusuna da toxunmaq istərdik. Son zamanlar həm yolların dağılması, həm qəzaların baş verməsində yük maşınları ittiham olunur. Məsələn, elə ötən ay bir gündə 6 yük maşınının iştirakı ilə qəza baş vermişdi. Təbii ki, bunun qarşısını kompleks şəkildə almaq lazımdır. Siz bu sahədə hansı işləri görməyi nəzərdə tutmusunuz? 

– Yükdaşımanın tənzimlənməsi DANX tərəfindən həyata keçirilir. Nəzərinizə çatdırım ki, 2015-ci ilin dekabr ayından etibarən yükdaşımada da lisenziya ləğv edilib. Yük daşıyan nəqliyyat vasitələri üçün fiziki və hüquqi şəxslər, sahibkarlar fərqlənmə nişanı almalıdır. Fərqlənmə nişanları müvafiq olaraq hər tona görə Bakı şəhərində 2, Sumqayıt və Gəncədə 1.5, digər rayonlarda isə 1 manat rüsum olaraq təyin edilib. Eyni zamanda yük maşınlarının sürücülər isə tibbi müayinədən keçirilməlidir. Təbii ki, bu sahədə problemlər var. Müayinələrdə operativlik olmalıdır. Ona görə də biz təkliflər hazırlamışıq və baxılması üçün müvafiq qurumlara göndərmişik. Təklif budur ki, tibbi və texniki müayinənin məsuliyyəti daşıyıcılarının üzərində olsun. Əsasən də texniki müayinə məsələsi vacibdir. Daşıyıcıların qarajlarında bu şərait yaranmalıdır. Aylıq olaraq bunu müvafiq qurumlar yoxlasın. Rüblük olaraq bu yoxlamaları DANX həyata keçirsin. Gündəlik yoxlama isə daşıyıcılar tərəfindən olsun. Çünki bəzi hallarda bundan yayınmalar olur. Ona görə də Dövlət Yol Polisi (DYP) ilə birgə reydlər edirik. Hətta bəzi hallarda illik nəzərdə tutulandan artıq reydlər olunur ki, bu sahə tənzimlənsin. Bayaq qeyd etdiyiniz yollara vurulan zərərə isə Dövlət Avtomobil Yolları Agentliyi və DYP nəzarət edir. Təbii ki, biz də bunu aşkarladıqda həmin qurumlarla birgə işləyirik.

– Mərkəzləşdirilmiş qaydada texniki müayinə mərkəzi yaradıb digər şirkətləri də müqavilə əsasında ora cəlb etmək olar… 

– Bəli, bu da nəzərdə tutulur. Böyük şirkətlər bunu özləri qura bilirlər. Digərləri də bundan istifadə edə bilər.

– Bəs sürücülərin iş və istirahət rejimi necə tənzimlənməlidir? DANX bu istiqamətdə hansı işlər görür? 

– Ümumiyyətlə iş və istirahət rejimi ilə bağlı Cənab Prezidentin müvafiq fərmanı var. Söhbət yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin taxoqraf cihazı ilə təmin olunmasından gedir. Biz artıq bununla bağlı işləri başlamışıq. Bu sahədə təcrübə də var. Belə ki, hələ 2011-ci ildə biz beynəlxalq yükdaşımalarda bunu tətbiq etmişik. Biz sürücüləri həmin kartlarla təmin etmişik və kartlar taxonet beynəlxalq şəbəkəsinə qoşulub. Hətta xarici ölkələrin sürücüləri də bu kartı bizdən əldə edirlər. Bu təcrübə olduğu üçün biz ölkədaxili yük və sərnişindaşımalarda bunu tətbiq edəcəyik. Həmçinin magistral yolların kənarlarında istirahət üçün yerlər qurulacaq. Yəni ölkələrarası hərəkət edən sürücülər burada istirahət etməlidir. Həmçinin daxili yükdaşımada iştirak edən sürücülər də burdan istifadə edə biləcək.

– Bakı Beynəlxalq Avtovağzalında hazırda təmir işləri gedir. Bu nə zaman bitəcək? 

-Yaxın aylarda başa çatacaq və avtovağzal tam gücü ilə işləyəcək. Avtovağzalda dayanacaqlar ayrılıb. Yəni istər beynəlxalq, istər yerli, istərsə də taksilər üçün ayrıca dayanacaqlar mövcuddur.

– Avtovağzala əvvəl giriş 1 manat təşkil edirdi. İndi necə olacaq? 

– Qeyd edim ki, avtovağzalın aşağı mərtəbəsindən normal yeraltı parkinq var. Bu qayda parkinq aparatları vasitəsilə tənzimlənir. Qaydalara uyğun olaraq parkinq xidməti göstəriləcək.

– Naftalanda sağlamlıq mərkəzi var. Ora turistlərin cəlb edilməsi üçün yeni xətlərin açılması nəzərdə tutulurmu? 

– Biz Bakıdan Naftalana yeni xətt açmışıq. Komfortlu avtobuslar var. Ötən ildən işləyir. Rusiyadan avtobusla gələn sərnişinlər avtovağzaldan rahat gedə bilirlər. Bizim ümumiyyətlə 25 dən çox ölkə ilə ikitərəfli əməkdaşlığımız var. Mütəmadi olaraq görüşlər keçiririk. Məsələn, hər yay mövsümündə Bakı-Batumi reysini açırıq. Eyni zamanda digər reyslərin də açılması nəzərdə tutulur.

11 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar