Son 120 ilin dəhşəti: Sabah Azərbaycanda nə baş verəcək?

Paylaşmaq gözəldir...

Azərbaycanda anomal istilər hökm sürür. Hətta son 120 ilin rekord temperatur göstəricisi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilir ki, bu cür kəskin və riskli isti yaxın günlərdə də qeydə alınacaq və havanın temperaturu bəzi ərazilərdə 46 dərəcəyədək yüksələcək.

Hansı obyektlərdə iş dayanmalıdır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Lent.az-a bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq havanın temperaturunun müsbət 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğusu olmayan örtülü binalarda bütün növ işlərin görülməsi dayandırılmalıdır: “Artıq bununla bağlı Dövlət Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq edib. Bildirib ki, havanın temperaturu müsbət 41 dərəcəni keçdikdən sonra işçilərin həyat və sağlamlığının qorunması üçün Əmək Qanunvericiliyinə əsasən zəruri tədbirlər görülməlidir. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkanlar yaradılmalı, onlara fasilələr verilməlidir. İş zamanı verilən fasilələr iş vaxtına daxil edilməlidir və bu zaman işçilərin təqsiri üzündən baş verməyən iş dayanması kimi qəbul edilməlidir. Ona görə də Dövlət Əmək Müfəttişliyi hələ bir neçə gün əvvəl işçilərin həyat və sağlamlığının qorunması məqsədi ilə zəruri tədbirlər görülməsinin qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdırıb”.

Kəskin istilərə görə qeyri-iş günü elan oluna bilər?

  1. Talıbov diqqətə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsinin tələbinin pozulmasına görə işəgötürənlər 1000 manatdan, 2000 manatadək cərimə oluna bilər: “Əgər hər hansı bir işçi tərəfindən bu cür istidə açıq havada işəgötürənlər tərəfindən işə məcbur edilməsi ilə bağlı şikayət daxil olarsa, bu zaman müfəttişlik araşdırma aparıb İXM-nin tələbinə əsasən müvafiq cəriməni tətbiq edə bilər”.

Hələlik bu məsələ ilə bağlı nazirliyə şikayət daxil olmayıb.

Bəs kəskin istilərə görə Azərbaycan ərazisində qeyri-iş günü elan oluna bilərmi? Nazirlik rəsmisi qeyd edib ki, qanunvericilikdə bununla bağlı məsələ yoxdur.

Həyatımızı necə qoruyaq?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Lent.az-a bildirib ki, isti günlərlə bağlı təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejiminə keçməyib: “Təcili tibbi yardım daim hazırdır və vətəndaşlar yaxınlıqdakı təcili tibbi yardıma hər zaman müraciət edə bilər”.

S.Əhmədova məlumat verib ki, nazirlik isti havalarla bağlı əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma ilə əlaqəli müraciətlər Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

16 dəfə baxılıb...

Loading...

Oxşar postlar